Sumqayıtda şəhər günü - abadlıq və quruculuq işləri geniş vüsət alıb Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Bu gün Sumqayıt şəhərinin 76 yaşı tamam olur. Şəhər günü ərəfəsində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri davam etdirilir. Son illər şəhərin ümumi inkişaf strategiyasına uyğun olaraq, müxtəlif istiqamətləri əhatə edən yenidənqurma, müasirləşdirmə və infrastruktur layihələri ardıcıl şəkildə icra olunur. Bu proseslərin böyük bir qismi Abadlaşdırma və Təmir-Tikinti İdarəsi tərəfindən həyata keçirilir.

 

Hazırda idarənin əməkdaşları şəhərin müxtəlif ərazilərində çoxmənzilli yaşayış binalarının girişlərini və həyətəbitşik sahələrini mərhələli şəkildə yeniləyirlər. Aparılan təmir işlərinə girişlərin rənglənməsi, daxili divarların bərpası, pilləkən qəfəslərinin təmiri, işıqlandırma sistemlərinin yenilənməsi və həyətlərin abadlaşdırılması daxildir. Həmin tədbirlərin əsas məqsədi yalnız mövcud infrastrukturun bərpası deyil, həm də sakinlərin gündəlik rahatlığının və yaşayış mühitinin keyfiyyətinin artırılmasıdır.

Bu çərçivədə həyətlərdə yeni oturacaqlar quraşdırılır, yaşıllıq zolaqları salınır, köhnəlmiş səthlər yenilənir. Uşaq oyun meydançalarının təmiri və zəruri hallarda tamamilə yenidən qurulması həyata keçirilir. Bütün işlər uzunmüddətli dayanıqlıq nəzərə alınmaqla planlaşdırılır. İcra intizamına ciddi əməl olunması, peşəkar kadr potensialı və keyfiyyətli tikinti materiallarından istifadə görülən işlərin səmərəliliyini daha da artırır.

Abadlaşdırma və Təmir-Tikinti İdarəsi tərəfindən bildirilib ki, şəhərin müxtəlif məhəllələrini əhatə edən növbəti mərhələlər üzrə layihələndirmə işləri artıq başa çatıb və yaxın günlərdə icrasına başlanacaq.

 

Şəhərdə təmizlik işləri gücləndirilib

Sumqayıtda aparılan abadlıq proseslərinin mühüm istiqamətlərindən biri də genişləndirilmiş təmizlik tədbirləridir. Şəhərin sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə uzun müddət istifadə olunan və yararlığını itirmiş tullantı konteynerləri Təmizlik Departamenti tərəfindən ərazidən çıxarılaraq müasir, daha həcmli və sanitar normalara cavab verən yeni konteynerlərlə əvəz olunur. Bu yenilik məişət tullantılarının daha səmərəli toplanmasına və ətraf mühitin qorunmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Təmizlik işləri bu dəyişikliklərlə məhdudlaşmır. Şəhərin müxtəlif istiqamətlərində aparılan sanitar tədbirlərin həcmi genişləndirilib. Parklarda və yaşıllıq zolaqlarında toplanan yarpaq və məişət tullantıları operativ şəkildə yığılır, istirahət məkanları hər gün təmizlənir. Uşaq meydançaları, piyada yolları və sakinlərin sıx istifadə etdiyi ərazilər xüsusi texnika vasitəsilə yuyularaq təhvil verilir.

Şəhərin əsas prospekt və küçələrində səkilərin mütəmadi olaraq yüksək təzyiqli yuyucu texnikalarla təmizlənməsi işlərinə start verilib. Bu proses tozlanmanın və çirklənmənin qarşısını almaqda böyük əhəmiyyət daşıyır. Departament həmçinin məhəllədaxili küçələrdə, binaların həyətlərində, zibil meydançalarının ətrafında və yaşıllıq zolaqlarında təmizliyi gücləndirib.

Yeni konteynerlərin quraşdırılması təmizlik sisteminin daha səmərəli işləməsinə şərait yaradır. Müasir tullantı qutuları qoxunun yayılmasını məhdudlaşdırır, tullantı daşınması zamanı sızma problemlərinin qarşısını alır.

Təmizlik Departamenti tərəfindən məlumat verilib ki, qarşıdakı aylarda bu tədbirlər ardıcıllıqla davam etdiriləcək. Məqsəd Sumqayıtın günün bütün saatlarında təmiz, səliqəli və ekoloji cəhətdən sağlam mühitə sahib olmasını təmin etməkdir. Tullantıların düzgün idarə olunması şəhər mədəniyyətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir və aparılan işlər Sumqayıtın ölkənin ən nümunəvi şəhərlərindən birinə çevrilməsi istiqamətində mühüm addım hesab olunur.

 

Şəhər Günü münasibətilə ağacəkmə aksiyası həyata keçirilib

Sumqayıt şəhərinin 76-cı ildönümü münasibətilə keçirilən genişmiqyaslı abadlıq və infrastruktur layihələri çərçivəsində yaşıllaşdırma tədbirləri də xüsusi diqqət mərkəzində saxlanılır. Şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıl fondun genişləndirilməsi və mövcud ərazilərin bərpası məqsədilə müxtəlif park və prospektlərdə ardıcıl tədbirlər reallaşdırılır.

Şəhər Günü münasibətilə Nəsimi adına Mədəniyyət və İstirahət Parkında ağacəkmə aksiyası təşkil edilib. Park ərazisində çoxsaylı ağac və dekorativ bitkilər əkilib, mövcud yaşıllıq zolaqları yenilənib. Torpaq qatı bərkidilib, zədələnmiş sahələr bərpa olunub.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin məlumatına əsasən, aksiyaya qurumun əməkdaşları geniş tərkibdə cəlb edilib. Parkın müxtəlif hissələrində torpağın havalandırılması, suvarma sistemlərinin tənzimlənməsi və yaşıl sahələrin daha funksional vəziyyətə gətirilməsi istiqamətində işlər görülüb.

Yaşıllaşdırma İdarəsi tərəfindən Lüdviqshafen parkında da növbəti yaşıllaşdırma aksiyası həyata keçirilib. Şəhər günü münasibətilə parkın ərazisinə 76 ədəd sərv, eyni sayda zeytun və eldar şamı ağacları əkilib. Tinglərə aqrotexniki qaydalara uyğun şəkildə qulluq göstərilib, torpaq qatları yenilənib, suvarma prosesi təşkil olunub, gübrələmə tədbirləri icra edilib.

Lüdviqshafen parkında həyata keçirilən tədbirlər təkcə bir günlük aksiyanı deyil, şəhərin uzunmüddətli yaşıllaşdırma strategiyasını əhatə edir. Mövcud yaşıllığın qorunması, yeni yaşıllıq sahələrinin artırılması və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində işlər ilboyu davam etdiriləcək. Məqsəd Sumqayıt şəhərinin sağlam, estetik cəhətdən cazibədar və ekoloji baxımdan dayanıqlı yaşıl zonalara malik olmasını təmin etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.