(Cəlilabad rayonunda jurnalistika sahəsinin peşəkarı, rayon ədəbi mühitinin tanınmış və dəyərli nümayəndəsi Sakit Orduxanlıya ithaf olunur!)
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, yazıçı-publisist, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Cəlilabad diyarının jurnalistika, siyasət və ədəbi mühiti sahələrində öz sözü və imzası ilə tanınan simalardan biri də yazıçı-publisist və siyasətçi Sakit Orduxanlıdır.
Qısa bioqrafik məlumat:
Abdullu Sakit Şükür oğlu (Sakit Orduxanlı): 1961-ci ilin sentyabr ayının 5-də Astraxanbazar (indiki Cəlilabad) rayonunun Cəfərli kəndində anadan olub. El arasında öz hazırcavablığı ilə tanınan mərhum Aşıq Süleymanın oğul nəvəsidir. Atası mərhum Şükür isə öz dövrünün söz və qələm əhli olmuş, müxtəlif mövzularda şeir və lətifələr yazmışdır.
Sakit Orduxanlı doğulduğu kənddə orta məktəbin VIII sinifini bitirmiş, təhsilini Biləsuvar rayonunda davam etdirərək 1979-cu ildə məzun olmuş və Attestatını almışdır. Orta məktəbdə oxuyarkən əlaçı şagird olduğu və nümunəvi davranışına görə şəkili təhsil aldığı orta məktəbin "Şərəf lövhəsi"ndən asılmışdır.
1988-90-cı illər ərzində Cəlilabad Sovxoz Texnikumunda iqtisad üzrə təhsil alaraq orta ixtisas barədə Diplomunu almışdır. İxtisasca iqtisadçı olsa da uzun illər boyu jurnalistika və publisist fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, 1978-79-cu illər ərzində Biləsuvar rayonunda nəşr edilən "Məhsul" qəzetində, 1979-99-cu illər ərzində isə Cəlilabad rayonunda nəşr edilən "Taxılçı" və "Yeni gün" qəzetlərində müxbir vəzifəsində çalışıb.
Müstəqillik illərində ilk öncə doğma elimizin tanınmış şair-publisisti AYB və AJB-nin üzvü Faiq Balabəylinin baş redaktoru olduğu "Yeni xəbər" portalında köşə yazarı kimi fəaliyyət göstərmiş, sonrakı illərdən (2003-cü ildən) etibarən "Xural" mətbu orqanının Cəlilabad, ardınca isə Cənub Bürosunun rəhbəri kimi fəaliyyət göstərmişdir.
Yazıları mütəmadi olaraq dövrü mətbuatda dərc olunur. 200-dən artıq məqalə, esse və publisistik yazıların müəllifidir. Onun satirik şeirlərinin də bir başqa özəlliyi vardır.
1995-ci ildən etibarən Ana Vətən Partiyasının (AVP) üzvüdür. 17 il müddətində AVP Cəlilabad rayon təşkilatının sədri olmuşdur.
Sakit Orduxanlı həm də genetik olaraq şeir və poeziya vurğunu kimi Cəlilabad ədəbi mühitinin nümayəndəsi və qələm sahiblərindən sayılır.
2015-ci ildə AVP tərəfindən Azər Quluzadənin tərtibatçılığı ilə işıq üzü görmüş "Ana Vətənlə döyünən ürəklər" (Ədəbi toplu) adlı kitabın 22-25-ci səhifələrində onun qısa bioqrafik məlumatı, eyni halda bir neçə şeir və təmsili yer almışdır. Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə və bu sahədə faydalı fəaliyyətinə görə 2025-ci ildə "Həməşəra" Fəxri Diplomu ilə təltif edilmişdir. Evlidir, 4 övladı və 7 nəvəsi var.
"Orduxanlı" təxəllüsü barədə izah:
Sakit Abdullu ata-ana tərəfdən əslən cənubi Azərbaycandan sayılır və valideyni o zamanlar indiki Cəlilabad rayonuna köçərək burada məskunlaşmışlar. 1990-cı illərdə keçmiş SSRİ dövlət sərhədləri açıldıqdan sonra o, İrana yollanaraq öz qohum-əqrəbasını tapır və nəsil-tirə baxımından "Orduxanlı" tayfasına mənsub olduğunu dəqiqləşdirir. Məhz bundan sonra "Orduxanlı" tayfa adından təxəllüs kimi istifadə etməyə qərar verir.
Məlumat üçün qeyd etmək lazımdır ki, Orduxanlı tayfası İran ərazisində öz adı və şöhrəti ilə tanınan qədim türkdilli tayfalardan biridir. Bu tayfanın adı bəzi tarix və ensiklopedik əsərlərdə "Orduxani", "Yurdxanlı", "Yurdxani", "Aslanlı" və s. formalarda da qeyd edilmişdir.
Subyektiv baxışım:
Mənim Sakit Orduxanlı ilə ilk tanışlığımın əsas səbəbkarı Cəlilabad ədəbi mühitinin istedadlı və gənc şairlərindən olan "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı Sevinc xanım Şirvanlı olmuşdur. Belə ki, Cəlilabad ədəbi mühitinin xanım yazarlarına həsr edilmiş və ilk dəfə işıq üzü görmüş "Qələm tutan incə əllər" kitabını hazırlayarkən ondan müsahibə aldıqda bir neçə dəfə Sakit Orduxanlı adını dilə gətirdi və ilk şeir kitabının da əsasən onun mənəvi dəstəyi ilə işıq üzü gördüyünü söylədi.
Doğrusu mən uzun müddət rayonda yaşamadığımdan bu adı tanımasam da Sakit Orduxanlı ad və soyadı diqqətimi cəlb etdi. Çünki burada bir tərəfdə sakitlik, digər tərəfdə isə ordu xanlığı və rəhbərliyi kimi iki fərqli anlamlar gözlərimin qarşısında cilvələndi.
Daha sonralar sosial şəbəkə üzərində onu tapıb münasibət yaratdım və idarə etdiyim "Həməşəra" Mətbu Orqanının rəsmi Facebook səhifəsində ondan aldığım müsahibə əsasında 28.05.2025 tarixində "Cəlilabadın tanınmış yazıçı-publisistləri" başlığı altında bir təqdimat statusu hazırlayaraq paylaşdım. Bundan sonra onunla yaxından tanış olmağa başladım və beləliklə də onun sözün həqiqi mənasında Sevinc xanım Şirvanlının söylədiyi kimi çox dəyərli və müdrik bir insan olduğunu təsbit etdim.
Gənclər arasında daha çox "Sakit əmi" kimi tanınan yazıçı-publisist Sakit Orduxanlı sözün həqiqi mənasında Cəlilabad rayonu üzrə jurnalistika sahəsinin veteranlarından və peşəkarlarından biridir. Onun jurnalistika sahəsindəki əməyi həm Sovetlər dönəminə, həm də müstəqillik illərinə təsadüf etmişdir. Bununla yanaşı o, siyasət sahəsində də öndə gedən fəal simalardan biri olmuş, həmçinin, öz publisist yazıları və bəzən həvəskar şairliyi ilə Cəlilabad ədəbi mühitinin nümayəndələrindən birinə çevrilmişdir.
Bütün bunlara əsasən, Sakit Orduxanlını doğma yurdumuzun çoxşaxəli simalarından biri kimi təqdim etmək olar. Çünki o, jurnalistika, siyasət, ədəbiyyat və publisistika sahəsində söz və imza sahibidir. Lakin bütün bunlarla yanaşı, onun insani keyfiyyətləri daha önəmlidir.
Sakit Orduxanlı bir vətənpərvər və dövlətçi insan kimi həm də böyük və mərhəmətli ürəyə sahib olan dəyərli bir şəxsiyyətdir. Elə-obaya və vətənə bağlılıq xüsusiyyətini onun şəxsiyyətindən ayırmaq mümkün deyil.
Onun gənclərə olan mərhəmətli münasibəti, onlara dəstək olması da diqqətdən kənarda qalmır. O, xüsusilə gənclərin müxtəlif sahələrdə və xüsusilə də ədəbiyyat mühitində əldə etdiyi uğurlara görə ürəkdən sevinən bir dəyərli insan, peşəkar jurnalist və dəyərli publisistdir.
Doğma elimizin bu dəyərli simasını çoxşaxəli insan kimi də təqdim etmək mümkündür. Çünki peşəkar jurnalistika sahəsi ilə yanaşı, eyni halda siyasət, ədəbiyyat və publisistik fəaliyyəti ilə öz bacarığını sübut etmişdir.
Arzu və diləklər:
Sonda doğma elimizin dəyərli yazıçı-publisisti və şairi hörmətli Sakit Orduxanlı əmiyə uzun, sağlam və mənalı-məsud həyat, ailə xoşbəxtliyi və yaradıcılıq uğurları arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)


