"Gözlərimdə yaş gəlmişəm" - yeni kitabın təqdimatı Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi,

 

Bu günlərdə Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndələrindən olan, "Həməşəra" Fəxri Diplomu laureatı, peşəkar bədii qiraətçi və şair Mikayıl İnçəçaylının ikinci şeir kitabı işıq üzü görmüşdür.

 

Kitabın əsas məlumatları:

Kitabın adı: "Gözlərimdə yaş gəlmişəm" (Şeirlər)

Müəllif: Mikayıl İnçəçaylı

Redaktor və ön söz: Bilal Alarlı (filologiya üzrə fəlsəfə doktoru, "Qızıl Qələm" və "Rəsul Rza" mükafatları laureatı)

Dizayner: Zahid Məmmədov

Texniki redaktor: Rövşanə Nizamiqızı

Naşir: "Elm və təhsil" nəşriyyatı, Bakı

Nəşr olunduğu il: 2025

 

Kitab barədə:

Bu kitab bədii qiraətçi və şair Mikayıl İnçəçaylının indiyədək poeziya sahəsində işıq üzü görmüş sayca ikinci kitabıdır. Müəllifin ilk şeirlər kitabı olan "Üz qoyaram torpağına kəndinin" adlı kitabı isə 2016-cı ildə işıq üzü görmüşdür.

"Gözlərimdə yaş gəlmişəm" adlı bu kitab f.ü.f.d Bilal Alarlının ön sözü ilə başlayır. Ardınca filoloq Nəsib Abidin "Öz təbiəti və həyat duyumu ilə seçilən könül lirikası" başlıqlı yazısı yer almışdır. Nəsib Abid burada Mikayıl İnçəçaylı poeziyasını bir filoloq kimi qısaca araşdırmış və təhlil etmişdir.

Bundan sonra kitabda şairin indiyədək müxtəlif illərdə qələmə aldığı bir-birindən gözəl və mənalı olan 63 şeiri yer almışdır. Şeirlər təbiət, həyat, sevgi, övlad və s. kimi müxtəlif mövzulara aid olsa da daha çox vətənpərvərlik mövzusunu ehtiva edir.

Mikayıl İnçəçaylı şəxsən Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi və peoziya sahəsinin söz sahibi olsa da, indiyədək bir sıra tanınmış şairlər və filoloqlar onun poeziya dünyasını yüksək qiymətləndirmişlər. Bununla bağlı Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair, publisist Ədalət Salman, kitabın redaktoru f.ü.f.d, Bilal Alarlı, filoloq Nəsib Abid və başqalarından ad gətirmək olar.

Mikayıl İnçəçaylı Cəlilabad ədəbi mühitinin tanınmış, hörmətli və dəyərli nümayəndələrindən biri kimi həm bacarıqlı şair, həm də bacarıqlı bədii qiraətçidir. Gözəl və təsirli səs tembrinə malik olduğu üçün istər öz şeirləri, istərsə də digər şairlərin şeirlərini çox gözəl və təsirli formada qiraət etməyi bacarır. Bu da poeziya sahəsində Ulu Tanrı tərəfindən hər kəsə verilməyən xüsusi bir bacarıqdır.

Bütün bunlardan əlavə, el şairi həm də öz insani keyfiyyətləri, səmimiyyəti, doğru-dürüstlüyü və təvazökarlığı ilə tanınır və hörmətə layiq görülür. Etiraf etmək lazımdır ki, Mikayıl İnçəçaylının malik olduğu yüksək etika və mədəniyyəti onun şeir və poeziya bacarığını əhatə etmişdir. Bu da ondan olduqca dəyərli bir şəxsiyyət, ziyalı şair obrazını yaratmışdır. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, şairin "Gözlərimdə yaş gəlmişəm" adlı şeirlər kitabının təqdimatı onun 65 illik yubileyi ilə birlikdə 21.10.2025 tarixində Cəlilabad rayonunun tanınmış ziyalıları və Cəlilabad ədəbi mühitinin tanınmış simalarının iştirakı ilə Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində yüksək səviyyədə keçirilmişdir...

 

Arzu və diləklər:

Fürsətdən istifadə edib, Cəlilabad ədəbi mühitinin əziz və dəyərli nümayəndəsi, bədii qiraətçi və şair, "Həməşəra" Fəxri Diplomu laureatı Mikayıl İnçəçaylını işıq üzü görmüş ikinci şeir kitabına görə səmimi qəlbdən təbrik edir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.