İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi
Bu təqdimat yazısında tarixi abidələr, pəhlivanlar və şəhidlər diyarı olan, eyni halda Odlar Yurdu Azərbaycanın poeziya paytaxtı kimi tanınan doğma Cəlilabad rayonundan bir mütəfəkkir yazıçı-şair barədə danışmaq istəyirəm. O isə Aqşin Yenisey adı və imzası ilə ölkədə və ölkə hüdudlarından kənarda tanınan dəyərli və fəxarətli həmyerlimizdir.
Aqşin Yenisey: 05 sentyabr 1978-ci ildə Azərbaycan Respublikası, Cəlilabad rayonunun Boyxanlı kənd inzibati ərazi dairəsində yerləşən Şötüklü kəndində bir sadə və zəhmətkeş ailədə dünyaya göz açıb. Orta məktəbi doğulduğu kənddə oxusa da yeniyetmə yaşlarında ikən Bakı şəhərinə köçmüş və paytaxtda məskunlaşmışdır.
Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Azad Yazarlar Ocağının üzvü olub. İki dəfə ailəli olan həmyerlimizin iki oğlu var.
Yeniyetmə illərindən etibarən ədəbiyyat və xüsusilə də poeziyaya maraq göstərib. İlk şeirlərini gənc yaşlarında yazmağa başlayıb və tezliklə öz fərdi üslubunu formalaşdırıb. Onun əsərlərində klassik və çağdaş elementlər bir araya gəlir.
İndiyədək öz bədii yaradıcılıq nümunələri ilə müxtəlif jurnallarda, qəzet və ədəbi tədbirlərdə fəal iştirak edir. O, bu fəaliyyətləri sayəsində ədəbiyyat aləmində tanınmağa başlayıb. Onun şəxsi təcrübələri və həyat yolu, yaradıcılığında öz əksini tapır. Belə ki, şəxsi həyatı və yaşantıları onun şeirlərində tez-tez hiss olunur.
Məlumat üçün qeyd etmək lazımdır ki, Aqşinin ədəbiyyat sahəsində daşıdığı "Yenisey" təxəllüsü Yenisey çayı hövzəsindən tapılan, eyni halda qədim türk svilizasiyasına aid olan abidələrlə bağlıdır.
Aqşin Yeniseyin poeziyasında insanın daxili aləmi, cəmiyyətlə münasibətlər, sevgi, yalnızlıq, azadlıq, həyat və ölüm kimi universal motivlər əsas yer tutur. O, çağdaş Azərbaycan ədəbiyyatının tanınmış və görkəmli nümayəndələrindən biridir. Onu sadəcə Azərbaycanlı yazıçı, şair və publisist olaraq təqdim edib ötmək olmur. Çünki Aqşin Yenisey öz fərqli imzası, dərin düşüncəsi və baxış bucağı ilə həm də bir mütəfəkkir və sosioloq kimi təqdim edilə bilər. Çağdaş Azərbaycan poeziyasının önəmli nümayəndələrindən biri olaraq öz orijinal üslubu və fəlsəfi dərinliyi ilə milli ədəbiyyatda xüsusi mövqeyə və imzaya sahibdir.
200-ə yaxın məqalənin, xüsusilə də bir çox şeir, hekayə, satirik və publisistik yazıların müəllifidir. İndiyədək müxtəlif media resusrlarında (qəzet, jurnal və internet portallarında, eləcə də telekanallarda) yayımlanan şeir, hekayə, məqalə və müsahibələrindən əlavə aşağıdakı kitabları işıq üzü görmüşdür:
1. "Unutmaq sözünün şəkli", Bakı: 2002;
2. "Sizin eradan əvvəl", Bakı: "Qanun" nəşriyyatı, 2005;
3. "Cənnətdə terror aksiyası", Bakı: "Qanun" nəşriyyatı, 2009;
4. "Yüz qırx yeddi dənə sən", Bakı: "Qanun" nəşriyyatı, 2013;
5. "Məbədin sükutu", Bakı: "Qanun" nəşriyyatı, 2013;
6. "Tarix və Tale", Bakı: "Teas Press" nəşriyyatı, 2019...
Əslən doğma yurdumuz Cəlilabadda doğulub boya-başa çatsa da, respublika və ölkə hüdudlarından kənarda öz imzası ilə tanınan, həm də geniş oxucu kütləsi qazanmış görkəmli yazıçının indiyədək bəzi əsərləri türk, gürcü və fransız dillərinə tərcümə və çap edilmişdir. Hal-hazırda isə ədəbi yaradıcılıqdan əlavə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Daha TV-nin birgə layihəsi olan “Fikir vaxtı” verilişinin eksperti kimi çıxış edir...
Son olaraq doğma elimizin və eləcə də çağdaş Azərbaycan ədəbiyyatının fəxarətlərindən olan mütəfəkkir yazıçı-şair Aqşin Yenisey bəyə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)