İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Məlum olduğu kimi bu günlərdə tarixi abidələr, şəhidlər və poeziya diyarı sayılan Cəlilabad ədəbi mühitinin xanım yazarları ilə bağlı uzunmüddətli layihə son mərhələsinə çatmışdır. "Qələm tutan incə əllər" kitabı formasında nəşr edilən bu layihə əslində Cəlilabad rayonu və Cənub bölgəsi, ümumilikdə isə bütün respublikada mövzusu və yazılış üslubuna görə ilkə atılmış imza sayılır. Burada həmin layihənin müəllifi və əsas icraçısı olaraq bu barədə ixtisara riayət edərək hesabat vermək istəyirəm:
Bu layihə 2016-cı ilin əvvəllərindən (mart ayından) etibarən araşdırılmalarla icraya başlamış, 2025-ci ildə isə tamamlanmışdır. Doqquz il ərzində əslən Cəlilabad rayonundan olan 35-dən çox xanım yazar və şair bütün çətinlik və məşəqqətli araşdırmalar əsasında təsbit edilmişdir. Onların ən yaşlısı Cəlilabad rayonun ilk xanım jurnalisti olmuş Solmaz xanım Məmmədova (76 yaş), ən kiçiyi isə Nərgiz Əlili (12 yaş) olmuşdur.
Yazar və şair kimi təsbit edilmiş xanımların hamısını təqdim etmək müəyyən səbəblərə görə mümkün olmasa da onlardan 20-sinin həyat yolu və poeziya sahəsində əməyi müsahibə formasında əldə edilmiş və 2016-cı ilin mart ayının 16-dan etibarən 2025-ci ilin 14 may tarixinə qədər "Həməşərə" mətbu orqanının rəsmi Facebook səhifəsində "Cəlilabadın xanım yazar və şairləri" rublikasında təqdimat statusları kimi paylaşılmışdır.
Bundan əlavə onlardan bir neçəsi barədə bir sıra ədəbi jurnal və internet portallarında ayrıca təqdimat və təhlil məqalələri də yazılaraq yayımlanmışdır.
Ötən ilin sonlarında toplanmış materiallar əsasında "Qələm tutan incə əllər" (Cəlilabad ədəbi mühitinin xanım yazarları və onların ədəbi yaradıcılıq nümunələri barədə ilk tanışlıq toplusu) kitabının tərtib edilməsinə qərar verilmiş, beləliklə də "Qələm tutan incə əllər" adlı kitabın 25.02.2025 tarixində ilk, 25.07.2025 tarixində isə ikinci çapı işıq üzü görmüşdür. Kitabda haqqında məlumat verilmiş xanım yazarlar aşağıdakılardır:
1. Solmaz Məmmədova;
2. Gülşən Şahmuradlı;
3. Niğar Həmidli;
4. Şəhla Rəvan;
5. Natəvan Məlikova;
6. Seylan Abbas;
7. Zeynəb Alıhüseynqızı;
8. Müşahidə Nərimanova;
9. Reyhan Kənan;
10. Gülcahan Əsgərova;
11. Mətanət Sevdalı;
12. Ruhiyyə Abaszadə;
13. Sevil Gül Nur;
14. Hicran Əhmədli;
15. Sevinc Şirvanlı;
16. Pərvanə İsgəndərqızı;
17. Arzu Əyyarqızı;
18. Zeynəb Şirvanlı;
19. Atlaz Rzayi;
20. Nərgiz Əlili.
"Qələm tutan incə əllər" kitabının ilk çapı üçün 05.05.2025, ikinci çapı üçün isə 05.09.2025 tarixində Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) ədəbi mühitin xanım nümayəndələri və rayonun tanınmış şair, pedaqoq və ziyalılarının iştirakı ilə təqdimat mərasimləri keçirilmişdir.
Həmin tədbirlər çərçivəsində Cəlilabad ədəbi mühitinə aid olan 20 xanım yazar və şair "Həməşəra" Fəxri Diplomu, müqəddəs Azərbaycan bayrağı və rəmzi olaraq qələmlə təltif edilmişdir.
Ölkənin yeganə rəsmi ədəbi portalı olan "Ədəbiyyat və incəsənət" portalı və "Həməşəra" mətbu orqanı arasında gerçəkləşən əməkdaşlıq çərçivəsində 07.04.2025 tarixindən 10.09.2025 tarixinə kimi "Qələm tutan incə əllər" layihəsi həyata keçirilmiş və həmin layihə çərçivəsində Cəlilabad ədəbi mühitinin 20 xanım yazarının təqdimatı rəsmi portalda yayımlanmışdır.
Heç şübhəsiz, Cəlilabad ədəbi mühitinin xanım yazarları və şairləri barədə araşdırma bundan sonra da davam edəcək, nəsr, poeziya, ədəbi təhlil və tənqid sahəsində qələm əhli olan digər dəyərli xanımlar da təqdimat statusları və məqalə formasında oxuculara tanıtdırılacaqdır.
Təşəkkür və minnətdarlıq!
Bu layihə çərçivəsində təmənnasız və səmimiyyətlə dəstək olmuş hər kəsə, xüsusilə də:
1. Özü haqqında bioqrafik məlumatları səmimiyyətlə təqdim etmiş Cəlilabad ədəbi mühitinin xanım yazarlarına;
2. Cəlilabad Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) direktoru Abbas müəllim Zülfüqarova;
3. Cəlilabad rayon "Əhmədoğlu" Futbol Akademiyasının direktoru Bəhruz müəllim Fərəczadəyə;
4. Kitab təqdimatının keçirilməsi üçün bizə uyğun şərait yaratmış Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Qənimət xanım İsrafilovaya;
5. Xanım yazarlardan bir neçəsinin tanınmasında dəstək olmuş "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, şair-yazıçı Arzu xanım Əyyarqızına;
6. Cəlilabad şəhərində fəaliyyət göstərən və kitabın nəşrini həyata keçirmiş "Qazi" Çap Mərkəzinin rəhbərliyi və əməkdaşlarına;
7. "Qələm tutan incə əllər" layihəsini rəhbərlik etdiyi "Ədəbiyyat və incəsənət" portalında yayımlayan portalın rəhbəri, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru və Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Varis müəllimə və portalın bütün dəyərli kollektivinə -
-dərin təşəkkürümü bildirir, onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(15.09.2025)