Atlaz Rzayi "Qələm tutan incə əllər"də... Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət"  portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Həmin layihə çərçivəsində nöbvə Cəlilabad ədəbi mühitinin gənc nümayəndəsi, şair Atlaz Rzayinindir.

 

Qısa təqdimat:

Abbasova Atlaz (Atlaz Rzayi): 1991-ci ilin oktyabr ayının 26-da Azərbaycan Respublikasının Salyan rayonunun Yenikənd kəndində əslən Cəlilabaddan olan bir sadə və zəhmətkeş ailədə dünyaya göz açmışdır.

1998-ci ildə Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbinə getmiş və 2009-cu həmin məktəbi uğurla bitirərək orta təhsil haqqında Attestatını almışdır.

Atlaz xanım ali təhsil almasa da uşaq yaşlarından etibarən poeziya sahəsinə həvəs göstərmiş, müxtəlif mövzularda bir-birindən maraqlı şeirlər qələmə almışdır. Onun qələmə aldığı ilk şeiri isə 9 yaşında yazdığı "Ulduzlar" adlı şeir olmuşdur.

Ədəbiyyat sahəsində "Atlaz Rzayi" təxəllüsü ilə tanınan bu xanım şair 2018-ci ildən etibarən "Zərif Kölgələr", "Mustaqil.az" və s. internet portalları, həmçinin, "Ədəbiyyat qəzeti", "Oxu məni" və digər dövrü mətbuatda öz şeirləri ilə çıxış etməkdədir. Bundan başqa son zamanlar Vatsap sosial şəbəkəsi nəzdində təsis edilmiş "Həməşəra Poeziya Məclisi" qrupunun fəal üzvüdür.

Doğma elimizin bu gənc xanım şairi həmçinin, son 8 il ərzində Vətən uğrunda canından keçmiş əziz şəhidlərimizlə bağlı məqalələr yazır. İndiyədək bu sahədə 20-ə yaxın təqdimat yazısı ərsəyə gəlmişdir.

2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə olaraq yazılıb işıq üzü görmüş "Qələm tutan incə əllər" kitabında onun həyat yolu və poeziya nümunələrindən danışılmış, Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə görə, "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür.

Onun bütün bunlardan əlavə, həm də poeziya sahəsində qiraət bacarığı vardır. Belə ki, həm öz qələmə ilə yazdığı şeirləri, həm də digər şairlərin şeirlərini qiraət edərək internet və sosial şəbəkələr üzərindən yayımlayır.

Atlaz xanımın həyatda hobbisi öz ailəsi və əzizləri ilə vaxt keçirmək, milli mətbəximizə aid olan yeməklər hazırlamaq və gəzməkdən ibarətdir. Məlumat üçün qeyd etmək lazımdır ki, xanım şair Atlaz Rzayi 2022-ci ildə ailə həyatı qurmuşdur və hal-hazırda Elif adlı bir qız övladı var.

 

Bədii ədəbiyyat nümunələri:

Atlaz xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış olaq:

 

"Səni sevəndə"

 

Mən səni sevəndə

Tək sənə deyil,

Ağaca vuruldum,

Quşa vuruldum.

Əzdi ayağımı, keçdim yanından

Sevib-oxşadım daşa vuruldum.

Ucaltdı bu sevgi toxundum göyə.

Bir sevgi nəğməsi oxudum göyə.

Torpağı bağrıma basdım, uyudum.

Üstündə tozunu sevgimlə yudum.

Əl verib görüşdüm yağan yağışla,

Qışın yanağında öpüb ayrıldım.

Yazın hörüyünə sevgimi dəntək

Səpib ayrıldım.

Səhranın cadar bağrına

Su oldu, məlhəm oldu,

Bu sevgi bütöv bir dünya-

Mən oldu, sən oldu.

 

"Səni unuduram"

 

Yaşa öz ömrünü arın-arxayın,

Səni unuduram, unuduram mən.

Lap elə bir udum su içmək kimi,

Səni unuduram, unuduram mən.

 

Keçdiyim dağlardan düzə gəlirəm,

Sənə and içdiyim sözə gəlirəm.

Bəlkə bəd nəzərə, gözə gəlirəm?

Səni unuduram, unuduram mən?

 

Sevginin yarğanı, zirvəsi olur,

Sevginin məlhəmi, zərbəsi olur.

Eşqin də sonuncu nəfəsi olur?

Səni unuduram, unuduram mən.

 

Son olaraq doğma elimizin tanınmış şairi Atlaz xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.