Şəhla Rəvanın "Poeziya zirvəsində" adlı yeni kitabı təqdim olunub

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYBi-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Bu günlərdə Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, Cəlilabad rayonunda ədəbiyyat və təhsil sahəsinin tanınmış və elit ziyalısı, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla Rəvan xanımın bədii ədəbiyyat sahəsində sayca beşinci kitabı işıq üzü görmüşdür.

 

Kitabın əsas məlumatları:

Kitabın adı: "Poeziya zirvəsində" (Azərbaycanın görkəmli şairləri, onların poeziya nümunələri və ədəbi təhlillər)

Müəllif: Şəhla Rəvan

Redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə

Naşir: "İmza" Nəşrlər Evi, Bakı

Nəşr olunduğu il: 2025

Çap növbəsi: Birinci

Kağız formatı: 60x84 1/16

Səhifə sayı: 180 səhifə.

 

Kitab barədə:

Bu kitab ziyalı pedaqoq və dəyərli şair Şəhla Rəvan xanım tərəfindən Odlar Yurdu Azərbaycanın görkəmli şair və ədiblərindən bir neçəsinin həyat yolu, poeziya nümunəsi və təqdim edilən poeziya nümunələrinin ədəbi təhlilindən ibarətdir.

Kitaba yazdığım ön sözdə qeyd edildiyi kimi, Şəhla xanımın məlum kitabında Azərbaycan ədəbi mühitinin XII əsrdən XXI əsrə qədər dövr ərzində yaşayıb-yaratmış görkəmli və bəzən dünya şöhrətli nümayəndələrindən olan on səkkiz nəfər: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Hüseyn Cavid, Əhməd Cavad, Əliağa Vahid, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Mikayıl Müşfiq, Rəsul Rza, Niğar Rəfibəyli, Mirvarid Dilbazi və Bəxtiyar Vahabzadə barədə söz açılmışdır.

Kitab gözəl tərtibat əsasında hazırlanmış, mənim ön sözüm və müəllifin təəssüratından sonra ilk öncə görkəmli şairlərdən hər biri barədə qısa bioqrafik məlumatlar təqdim edilərək onların təvəllüddən vəfata qədər olan həyat yolu və yaradıcılığından söz açılmış, ardınca bir poeziya örnəyi göstərilmiş, daha sonra isə təqdim edilən poeziya örnəyi xüsusi ustalıq və peşəkarlıqla ədəbi təhlil edilmişdir.

Burada fürsətdən yararlanıb əzizimiz və dəyərlimiz Şəhla Rəvan xanımı işıq üzü görən sayca beşinci kitabına görə səmimi qəlbdən təbrik edir, bu dəyərli kitabın oxucular, ədəbiyyat üzrə ali təhsil alan tələbələr və eləcə də şeir və poeziya həvəskarları üçün faydalı olacağını arzulayıram!

Bununla yanaşı mənə göstərdiyi etimada və sayğıya görə əzizimiz və dəyərlimiz, xanım-xatın müəllifə öz səmimi minnətdarlığımı bildirirəm!

Bu arada "İmza" nəşrlər evinin direktoru hörmətli Səbuhi müəllim Aslana, nəşriyyatın bacarıqlı əməkdaşlarına, xüsusilə də texniki redaktor və peşəkar dizayner Səbinə xanıma, həmçinin, Nigar xanım Sadıqovaya göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.