35 illik poçt yolçusu və ya ünvanlara sadiq addımlar Featured

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sadə, zəhmətkeş, işinə ürəklə bağlanmış insanlar hər bir cəmiyyətin dayağıdır. Bu insanların peşəsinə olan sevgi və sadiqliyi həm onların simasında bir ömürlük nümunəyə çevrilir, həm də yaşadıqları şəhərin səssiz qəhrəmanları kimi yadda qalırlar. Məhz belə simalardan biri də Sumqayıt şəhərində çalışan poçtalyon Nigar Əlikişi qızı Rəcəbovadır.

 

Nigar xanımın həyat yolu Lerik rayonunun Gəndov kəndindən başlayıb. O, 1961-ci il noyabr ayının 1-də bu füsunkar bölgədə anadan olsa da, həyat onu daha sonra Biləsuvar rayonuna gətirib və burada boya-başa çatıb. Hələ gənc yaşlarından zəhmətə alışan Nigar xanım, 1989-cu ilin may ayının 10-da Sumqayıt şəhər Poçtamtında poçtalyon kimi əmək fəaliyyətinə başlayıb.

Sumqayıtın müxtəlif poçt şöbələrində çalışıb: 1, 3, 8 nömrəli poçt bölmələrində işləmişdir, artıq 17 ildir ki, 9 saylı poçt şöbəsində öz vəzifəsini eyni sədaqət və məsuliyyətlə davam etdirir. Onun gündəlik işi məktublar, bildirişlər, qəzet və jurnalları ünvana çatdırmaqdan ibarətdir. Amma əslində o, hər gün insanların evlərinə yalnız kağız daşımır — o, etibar, xəbər və ünsiyyət daşıyıcısıdır.

Nigar xanım peşəsini sadəcə bir iş yeri kimi deyil, sevimli bir missiya kimi görür. Onun poçtalyon çantası təkcə məktublarla deyil, illərlə formalaşmış təcrübə, məsuliyyət və insanlara olan hörmətlə doludur. Hər gün şəhərin küçələri ilə addımlayarkən, o, yüzlərlə insanın gündəlik həyatına toxunur — təbəssümü, vaxtında çatdırdığı bir məktubu, salamı ilə...

Bəli, zaman dəyişir, texnologiyalar inkişaf edir, amma insan münasibətlərinin istiliyini yaşadan belə sadə peşə sahiblərinə olan ehtiyac heç vaxt azalmır. İşinə olan sevgisi və illərin sədaqəti ilə seçilən Nigar Rəcəbova kimi insanlar bu sahənin mənəvi dəyərini yaşadır və gələcək nəsillərə ötürür.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.