Fəhləlikdən şairliyə bir yol Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Fəhləlikdən şeirə gələn şairlər çoxdurmu? Dəqiq deyə bilmərəm. Mən bircə Sabir Yusifoğlunu və İbrahim İlyaslını tanıyıram. Onlardan daha birisi Abbasağa Azərtürkdür. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləyən bu şəxsin daim içində ədəbiyyat sevgisi yaşayıb, nəhayətində bu sevgi üzə çıxıb, özünü göstərə bilib.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olub. Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxıb. İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görüb. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirib, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirləri isə ömrünün sonunadək yazıb.

 

Kitabları

1. Atlılar

2. Mənim qismətim

3. Od oğlu

4. Anama minnətdaram

5. Cəlilabad dastanı

6. Qaraçı nəğmələri

7. Cavabsız məktublar

 

Şair 8 avqust 1998-ci il tarixində Cəlilabad şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.