Müqəddəs sözün işığına tapınan ömür - ESSE Featured

Rəna Təbəssüm,

AJB-nin və AYB-nin üzvü, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu sirli və müəmmalı dünyaya göz açan hər bir insan yaşamağa və yaşatmağa, arxasınca bir iz qoymağa çalışır. Bəziləri bu izi zamanın tozunda, tozanağında itirir, bəziləri isə zamanın yaddaşına əbədi həkk edir. Qələmi ilə zamanın yaddaşında silinməz iz qoyan, jurnalistikanın ruhunu yaşadan, dəyərinə dəyər qatan, sözü zinətləndirən bir şəxsiyyət - Əməkdar jurnalist, şair, publisist, ədəbiyyatşünas Rafiq Odayın 65 illik ömür yolu yalnız bir həyat deyil, bütöv bir məktəb, təkrarsız salnamə, dəyər və tarixdir.

 

Rafiq Oday imzası  sözə sədaqəti, peşəyə vicdanlı münasibəti, folklora bağlılığı və cəmiyyətə xidmət eşqi ilə yaddaşlara köçən imzadır. Rafiq Oday həm tanınmış şair, həm dəyərli publisist kimi qələmi ilə cəmiyyətin nəbzini tutan, həm də peşəkar jurnalist kimi hadisələrin içinə nüfuz etməyi bacaran, insan taleyinə toxunan, vətəndaş səsi olan nadir qələm sahiblərindən biridir. Yazılarında həyatın ağrı-acısı da var, sevinci də, mübarizəsi də... Bu hal onun hələ ilk şeirlərindən boy göstərirdi:

 

Bir yol başlamışam üzü sabaha,

Bu yol qandan keçir, qadadan keçir.

Bu yol qasırğalı dənizdən keçir,

Bu yol ot bitirməz adadan keçir.

 

Bu yolda ağrılar, acılar mənim,

Göz yaşı sel olan bacılar mənim.

Bu yolda yad sözü, düşmən tənəsi

Ox kimi bağrıma sancılar mənim.

 

Rafiq Oday yaradıcılığının hər sətrində səmimiyyət, hər misrasında insan taleyi, hər yazısında cəmiyyətin əksi duyulur. Bəzən ağrını yazıya köçürən, bəzən zamanın harayına çevrilən, bəzən isə unudulmaqda olan taleləri yenidən gün işığına çıxaran müəllifin qələminin məhsulu olan hər kitab oxucular üçün bir həyat dərsidir. “Bir yol başlamışam”, “Gecələr içimə göyüzü yağar”, “Ömür gedir öz köçündə”, “Qarabağ şikəstəsi”, “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr”, “Şərur folkloru”, “Həyatın yaşama düsturu”, “Qərib ruhların nəğməsi”,”Tanrının yerdəki mələyi”, “Ağrıların simfoniyası” və digər kitablarında qələmə aldığı əsərlər bunu əminliklə deməyə əsas verir.    

Bəli, söz var qısa zaman kəsiyində dəyərini itirir, yaddaşlardan silinir və unudulur. Söz var yaddaşlarda özünə əbədi məskən salır, söz də var bir xalqın, ulu bir millətin tarixini yazır... Rafiq Oday tarix yazan qələm adamıdır. Oturuşu, duruşu, insanlara münasibəti ilə seçilən şəxsiyyət, sözü ən yüksək mərtəbəsinə qaldırmağı bacaran şairdir. Ulu Tanrıya xitabən yazdığı şeirdə olduğu kimi:

 

Bir kəlmən mənə bəs eylər,

Ünüm yetdisə, səs eylə.

Qələmi müqəddəs eylə,

Sözə ümid ölməsin.

 

Rafiq Oday bənzərsiz təcnislər, cinas rübailər, cinas bayatılar yaradan qələm əhlidir, müasir Azərbaycan ədəbiyyatında mükəmməl sonetlər çələngi yaradan iki müəllifdən biridir. Dəyərli qələm sahibi olması ilə bərabər gözəl təşkilatçıdır, işini mükəmməl bilən rəhbərdir. Bu gün ölkənin nüfuzlu qurumlarından biri olan SOCAR “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri kimi kimya sənayesi ilə bağlı yüzlərlə sanballı məqalələrin müəllifidir. Onun informasiya sahəsindəki dəqiqliyi, operativliyi və peşəkarlığı bu təşkilatın ictimai nüfuzunun formalaşmasında mühüm rol oynayıb. Özünün tale şəhəri adlandırdığı Sumqayıtın ictimai-siyasi, ədəbi, mətbu və mədəni həyatında yaxından iştirak edir. Respublika mətbuatında, informasiya portallarında Sumqayıtla bağlı bir-birindən maraqlı yazılarla çıxış edir. Onun Türkiyə və Azərbaycan ədəbi-mədəni əlaqələrinin daha da inkişaf etməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir. 2005-ci ildən təsisçisi və Baş redaktoru olduğu “Şaman” qəzeti və 2008-ci ildən “Möhtəşəm Azərbaycan”qəzeti bu əlaqələrin qorunub möhkəmlənməsi, geniş vüsət almasında körpü olub. Sədri olduğu Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatı tərəfindən reallaşan “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrin inkişafına dəstək” layihəsi çərçivəsində 2012-ci ildən bugünədək Azərbaycan ədəbiyyatının bir çox nümayəndələrinin bədii yaradıcılıq nümunələrinin Türkiyənin “Hecə taşları”, “Usare”, “Kardelen”, “Kümbet” və digər dərgilərində nəşrinə nail olub.

Rafiq Odayın arxada qalan 65 illik şərəfli ömrü söz və ədəbiyyat həyatına töhfə verə bildiyi mübarək bir yoldur. 65 yaş – nə az, nə çox, dolu-dolu bir ömür deməkdir. Əməkdar jurnalist, tanınmış istedadlı şair, publisist Rafiq Oday bu yaşa şərəflə gəlib, özündən sonra iz buraxan qələm adamı kimi adını vicdanla, zəhmətlə, sədaqətlə yaşatmaq nəsibi olub. Bu yubiley təkcə onun yaşı deyil, həm də az qala yarım əsrlik zəhmətinin, fədakarlığının, sözə sədaqətinin yubileyidir. Həm qələm ustalığı, həm peşə etikası, həm də insanlıq baxımından bu sahəyə yeni qədəm qoyanlar üçün Rafiq Oday yolu böyük məktəbdir. Mən də bu məktəbin yetirmələrindən biriyəm. 2000-ci illərin əvvəllərindən tanıdığım və redaksiyasında çalışdığım qısa müddətdə jurnalistika sahəsinə daha yaxından bələd oldum. Eyni zamanda baş redaktorumun yüksək insani keyfiyyətlərinə şahidlik etdim.

Müqəddəs sözün işığına tapınan ömür sürən, qələmi və şəxsiyyəti ilə qəlblərə yol tapan, əsl ziyalı kimi rəğbət qazanan Rafiq Oday! Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik! Sizə sağlam can, yeni yaradıcılıq uğurları və ruhunuzun daim ilhamla dolu olmasını arzu edirik. Sözünüz yaşasın, iziniz itməsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.