Oğuzda Silahlı Qüvvələr Günü qeyd edilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayonunda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Oğuz şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyətin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və digər çıxışçılar qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 İyun tarixi Azərbaycan Respublikası Sülahlı Qüvvələr günü elan edilmişdir.

Bu gün ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri indi regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına 30 ildən artıq işğal altında olan 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.

Qələbə hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Prezident İlham Əliyevin dediyi kimi: "Bundan sonra əgər düşmən bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon şöbəsinin bir sıra əməkdaşına və "Vətən Müharibəsi" iştirakçısı, ehtiyatda olan “Qarabağ” ordenli polkovnik- leytenant Famil Şəfiyevə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025).

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.