İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
20 iyun 2025-ci il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Regionun sevimli qonağı” layihəsi çərçivəsində Oğuz Rayon Mədəniyyət Mərkəzində tanınmış şair, nasir, publisist, müəllim və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslanla oxucuların görüşü keçirilib.
Layihənin əsas məqsədi ölkəmizdə tanınan söz və sənət adamlarını region ictimaiyyəti ilə bir araya gətirmək, onların zəngin təcrübələrini bölüşmək, gənc nəsli bədii yaradıcılığa təşviq etməkdir.
Tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşları, oğuzlu yazar N.Hüseynli, Əməkdar müəllim və bir çox elmi məqalələrin müəllifi İ.Verdiyev, Oğuz rayonunun mədəniyyət müəssisələrinin işçiləri, poeziyasevərlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edənlər qeyd edib ki, Şəki öz görkəmli şəxsiyyətləri, istedadlı ziyalıları ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının inkişafında mühüm rol oynayıb. Belə şəxsiyyətlərdən biri də çoxşaxəli yaradıcılığı ilə seçilən istedadlı qələm ustası Vaqif Aslandır. O, təkcə şair kimi deyil, həm də dramaturq, tədqiqatçı və tərcüməçi kimi də tanınır.
Tədbirin bədii hissəsində Vaqif Aslanın poetik nümunələri səsləndirilib, iştirakçılar müəllifə suallar ünvanlayıblar. Görüş səmimi dialoq şəraitində keçib.
Sonda şairə yeni yaradıcılıq uğurları arzulanıb.
Qeyd edək ki, “Regionun sevimli qonağı” layihəsi çərçivəsində ölkənin mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri ilə görüşlər davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)